Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsi
10 Fevral 2006-cı ildə Azərbaycanın tanınmış 39 nəfərdən ibarət olan təşəbbüs qrupu Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsini (AAMİK) yaratdılar.
Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin məqsədi Azərbaycan Respublikasının Avropa Birliyinə inteqrasiyası proseslərinə vətəndaş cəmiyyətinin səfərbər olunmasına, Avrointeqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin yaxından iştirakının təmin edilməsinə nail olmaqdır.
Komitə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
- Vətəndaş cəmiyyəti institutlarının Avropaya İnteqrasiya ilə əlaqədar birgə fəaliyyətinin təşkili və əlaqələndirilməsi;
- Avropa Qonşuluq Siyasəti ilə əlaqədar dövlət qurumları və Avropa komissiyası strukturları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təmin edilməsi;
- Avropa Qonşuluq Siyasəti çərçivəsində hazırlanan Fəaliyyət Planının və onun əsasında hazırlanacaq digər sənədlərin hazırlanması, həyata keçirilməsi və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ictimai qiymətləndirilməsinin təşkili və bu planın icrasına nəzarətin həyata keçirilməsi;
- Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün müvafiq təkliflərin hazırlanması və aidiyyəti olan dövlət qurumlarına və Avropa Birliyinə təqdim edilməsi;
- İctimaiyyətin Avropa İnteqrasiya prosesi, Avropa Qonşuluq Siyasəti və Avropa Birliyi dəyərləri barədə məlumatlandırılması;
- Azərbaycanın Avropa Birliyinə yaxınlaşması və qoşulması perspektivlərinin və problemlərinin təhlili və ictimai müzakirəsi.
Milli Komitənin fəaliyyət prinsipləri:
- Əməkdaşlığa açıqlıq. Komitə istənilən dövlət, qeyri-hökumət qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və sairə ilə əməkdaşlıq etməyə hazırdır.
- Şəffaflıq. Komitənin fəaliyyəti tam şəffaf və açıq olacaqdır.
- Siyasi məqsədlərdən uzaqlıq. Komitə siyasi məqsədlər güdən heç bir fəaliyyətdə iştirak etməyəcəkdir.
- Qanunilik. Komitənin fəaliyyəti Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir.
- Tolerantlıq. Komitə onun fəaliyyətinə olan müxtəlif rəylərə dözümlülük nümayiş etdirir.