|
Bani haqqında
CORC SOROS
Corc Soros 1930-cu il avqustun 12-də Macarıstanın paytaxtı Budapeşt şəhərində doğulub. Faşistlərin Budapeşti işğalının şahidi olan Soros müharibədən sonra 1947-ci ildə kommunizmin qurulduğu Macarıstanı tərk edib İngiltərəyə köçür. O, 1952-ci ildə London İqtisadiyyat Məktəbini (LİM) bitirir. LİM-də təhsil alarkən o, filosof Karl Popperin yaradıcılığı ilə tanış olur. Bu, onun düşüncə tərzinə və filantropik fəaliyyətinin formalaşmasına böyük təsir göstərir.
Maliyyəçi.
1956-cı ildə ABŞ-a köçən Soros Beynəlxalq İnvestisiya Fondunu yaradır. Bu fond ona böyük var-dövlət gətirir. Bu gün o, "LLC Soros Fondu"nun prezidenti və sədridir. LLC bir çox beynəlxalq investisiya şirkətlərini özündə birləşdirən Quantum Groups of Funds-a xidmətlər göstərən özəl investisiya firmasıdır. 2000-ci ilin iyulunda cənab Soros özünün Quantum Fund-unu Quantum Emerging Growth Fund ilə birləşdirib Quantum Endowment Fund-u yaradır. Quantum Fund hazırda ən uğurlu investisiya fondlarından biri kimi tanınıb və özünün 32 illik tarixində orta hesabla 31 faiz həcmində illik dövriyyəsini saxlayıb.
Filantropist.
Cənab Soros 1979-cu ildə aparteid Cənubi Afrikanın Keyptaun Universitetinə qəbul olmaq istəyən qaradərili tələbələrə maddi köməklik göstərən fondu yaratmaqla aktiv filantropist fəaliyyətə başlayıb. Bu gün o, Açıq Cəmiyyət İnstitutunun sədri və 50-dən çox ölkədə fəaliyyət göstərən şəbəkə təşkilatlarının təsisçisidir. Əsasən, Mərkəzi və Şərqi Asiya, keçmiş Sovet İttifaqı, eləcə də, Afrika, Latın Amerikası, Asiya və ABŞ-da fəaliyyət göstərən bu fondlar açıq cəmiyyətin infrastrukturunu və institutlarının saxlanılması və qurulması işi ilə məşğuldur. 1992-ci ildə isə Soros Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinin əsasını qoyub. 2000-ci ildə Soros fondları şəbəkəsi təhsil, sağlamlıq, vətəndaş cəmiyyətinin inkişafı və digər çoxsaylı sahələrin dəstəklənməsi üçün 494 milyon dollar pul xərcləyib.
Filosof.
Corc Soros 7 kitabın müəllifidir. Onlardan sonuncusu "Corc Soros qloballaşdırma işində" (2002) adlanır. Onun digər kitabları isə bunlardır: "Maliyyədə əlkimya" (1987), "Sovet sisteminin açılması" (1990), "Demokratiyanın sığortası" (1991), "Soros Sorosun üzərində. Sapmaların yenilməsi" (1995), "Qlobal kapitalizmin böhranı: Açıq cəmiyyətə təhlükə" (1998) və "Açıq cəmiyyət: Qlobal kapitalizmdə islahatlar" (2000). Onun siyasət, iqtisadiyyat və sosial mövzuda olan esse və məqalələri bir çox ölkələrdə aparıcı qəzet və jurnallarda dərc olunub. Cənab Soros Sosial araşdırmalar üzrə Yeni Məktəb, Oxford Universiteti, Budapeşt İqtisadiyyat və Yel Universitetlərinin fəxri dərəcələrinə layiq görülüb. 1995-ci ildə Boloqna Universiteti Sorosa bütün dünyada açıq cəmiyyət prinsiplərinin yayılmasında göstərdiyi xidmətlərə görə özünün ən yüksək fəxri üzv mükafatına layiq görüb. 2002-ci ildə cənab Soros Balkan yarımadasında sülhün bərqərar olmasında göstərdiyi xidmətlərə görə Deyton Sülh Mükafatına layiq görülüb.
|