VƏTƏNDAŞ CƏMİYYƏTİ PROQRAMI
Ordu quruculuğu üzrə debatlar
"Ordu haqqında" qanununda dəyişikliklərin edilməsi, orduda insan haqqlarının pozulması və ordudan əsgərlərin qaçaraq və ya azaraq Ermənistan tərəfinə keçməsi halları
ordu mövzusunun 2007-ci ilin ilk aylarında Azərbaycanda ən çox müzakirə olunan mövzularından birinə çevirdi. Bu cür məsələlər nəinki mətbuat orqanları, hətta təşkilatların da fəaliyyət sahəsinə çevrilib. "Ehtiyatda və Istefada olan Zabitlər" ictimai birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə "Ordu quruculuğu mövzusunda debatların təşkili" adlı 6 aylıq layihə həyata keçirir.
Layihənin rəhbəri Yaşar Cəfərlinin dediyinə görə, onların ordu sahəsində debat keçirmələri təsadüfi deyil. O əlavə edir ki, bu mövzular son aylar baş verənlər olmasa da, aktual mövzulardır. Bu gün Azərbaycan cəmiyyətində demək olar ki, hamının orduda xidmət etmiş, edən və ya edəcək kimisə var. Yaşar Cəfərli düşünür ki, buna görə də ordu və orduda baş verənlər, yeniliklər çox adamın marağında olan sahədir. İndi ordu quruculuğuna da diqqət var.
Ordu quruculuğu mövzusunda məhz debatların keçirilməsini isə Yaşar Cəfərli belə izah etdi ki, bu mübahisə formasına yiyələnən insanlar dərkedici düşünməyi, problemi ən azı iki tərəfdən – ayın iki tərəfi üsulu əsasında tətbiq etməsi və üçüncü tərəfi inandırmaq, qərar qəbul etmək bacarığını öyrənirlər. "Debat insanlara şəxsi keyfiyyətlərin inkişafına səmərəli kömək edir. Layihənin məqsədi də ordu quruculuğu mövzularında debat mədəniyyətini inkişaf etdirmək, vətəndaşları və Azərbaycan cəmiyyətini hərbi quruculuq sahəsində mövcud olan problemlərin müzakirəsinə və onların həlli yollarının müəyyənləşdirilməsinə yönəltməkdir".
Debatlarda müzakirəyə çıxardılan mövzular isə bunlardır:
- "Çağırışa möhlət verilməsini nəzərdə tutan qanun müddəalarının sayı azaldılmalıdır"
- "Şəhid ailələri, müharibə və Silahlı qüvvələr veteranlarına verilən güzəşt və imtiyazların əvvəlki şəkildə bərpa olunmasına ehtiyac var"
- "Bizə tam peşəkar-müqaviləli xidmət əsasında komplektləşdirilən ordu lazımdır"
- "Bizə alternativ xidmət haqqında qanun lazımdır"
- "Silahlı qüvvələrə ictimai nəzarət dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir"
- "Həqiqi hərbi xidmətə çağırış üçün maksimum yaş həddi 35 olmalı, həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfəyə həyata keçirilməlidir"
Yaşar Cəfərli qeyd etdi ki, bu mövzular sosioloji sorğuya və monitorinqə əsasən seçilib. "Biz daima mətbuatı izləyərək ictimaiyyətin ordu sahəsində maraqlarını öyrənirdik. Bu monitorinqə əsasən də öz mövzularımızı seçdik".
İlk debat isə fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Müzakirə oluna mövzu isə "Çağırışa möhlət verilməsini nəzərdə tutan qanun müddəalarının sayı azaldılmalıdır" olub.
Layihənin rəhbəri Yaşar Cəfərlinin dediyinə görə, debatlarda iştirak etmək üçün əsasən hərb sahəsində çalışan və ya bu sahəni bilənlər insanlar dəvət edilir. Lakin iştirak bunula məhdudlaşmır. Vətəndaş Cəmiyyəti sahəsində çalışan şəxslər də iştirak edə bilərlər.
Lakin layihə yalnız debat keçirməklə məhdudlaşmır. Layihədə hər bir debatdan sonra müzakirə olunan mövzunun KİV-lər tərəfindən əhatə olunması üçün onlara təqdim olunma nəzərdə tutulduğu üçün bu ilk debatdan sonra da "Çağırışa möhlət verilməsini nəzərdə tutan qanun müddəalarının sayı azaldılmalıdır" mövzusu KİV-lər tərəfindən əhatə olunub.
Yaşar Cəfərlinin dediyinə görə, ən fəal iştirak edən mətbuat orqanları "Ayna", "Bakı Xəbər", "İmpuls" və "Vətəndaş Həmrəyliyi" qəzetləri olub. İctimai Birlik debatlardan ikisinin televiziyada yayımlanması üçün AZTV-yə müraciət edib.
"Bunun üçün onlara hətta 7 mövzu təqdim olunub. Onlardan ikisi seçiləcək. 30-45 dəqiqə müddətində yayımlanacaq. Birbaşa olmasa da, bu debatı cəmiyyətə çatdırmağın bir yoludur. Onlara hətta bildirmişik ki, əgər onların öz mövzuları varsa, həmən təklif eləsinlər və biz o mövzunu debata çıxaraq".
Yaşar Cəfərli deyir ki, onlar layihənin sonunda yekun məlumat hazırlayaraq bu materialı parlamentə təqdim etməyi planlaşdırdılar.
 |
 |
Insan hüquqlari ilə bağlı debat
Sumqayıt şəhərində fəaliyyət göstərən Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə "İnsan Hüquqları ilə bağlı debatların keçirilməsi" adlı layihənin icrasına başlamışdır.
Layihənin əsas məqsədi ictimai münasibətlərin müxtəlif sahələrində İnsan hüquqlarının təmin edilməsində mövcud olan problemlər ilə bağlı debatların təşkilidir. Bu debatlar sırasında olan "Gender bərabərliyi" mövzusunda debat 26 yanvar 2007-ci il tarixində təşkil olunmuşdur. Tədbir Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi ilə koalissiyada fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyin tərəfindən təşkil olunmuşdu.
Debatın keçirilməsində sosial-iqtisadi və ictimai sektorun müxtəlif strukturlarında çalışan işçilər, ictimai qurumların əməkdaşları, media nümayəndələri iştirak ediblər. Azərbaycanın tanınmış genderşünas alimləri, Milli Elimlər Akademiyasının fəlsəfə və siyasi-hüquqi tədqiqatlar İnstitutu fəlsəfənin yeni istiqamətləri və gender tətqiqatları şöbəsinin müdiri, fəlsəfə elimləri doktoru Ə.Abbasov və fəlsəfə elimləri doktoru, həmin şöbənin böyük elmi işçi Rəna xanım Mirzəzadə debatda ekspert qismində iştirak edib.
Debatın mövzusu iştrakçılar tərəfindən çox maraqla qarşılandı və bütün iştrakçılar tədbir çərçivəsində aparılan bütün proseslərdə aktiv iştrak edirdilər. Tədbirdə mövzu ilə bağlı maraqlı və ziddiyətli fikirlər səsləndi. Sonda bütün iştrakçılar bu formalı tədbirlərin mütəmadi olaraq təşkil olunmasının vacibliyi haqqında danışdılar. Debatın əvvəlində və sonunda aparılmış anket sorğular hazırda mütəxəssislər tərəfindən tədqiq edilirlər. Mövzu üzrə debatların kütləvi informasiya vasitəsi ilə davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə tədbirdən hazırlanmış video sujetlər həmin günü yerli "DTV" telekanalında nümayiş olunmuşdur. Distansion debatlar həmçinin "168 saat" qazetinin səhifələrində aparılacaqdır.
Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində gələcəkdə də müxtəlif mövzularda olan debatlar təşkil olunacaqdır. Həmin debatların mövzuları, keçiriləcəyi tarixlər, debatlarda səslənmiş maraqlı fikir və mülahizələr mütəmadi olaraq dövrü nəşriyyatda, əsasən isə "168 saat" qəzetində nəşr olunacaq, yerli telekanalda nümayiş ediləcəkdir. Bu debat iştirakçılarının auditoriyasını dəfələrlə genişləndirməyə imkan yaradacaqdır.
 |
 |
Bələdiyyə mülkiyyətindən istifadə
Hüquq və iqtisadi maarifləndirmə cəmiyyəti ictimai birliyi 25 yanvar 2007-ci il tarixindən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə bələdiyyə mülkiyyətindən istifadə səmərəliliyi və KİV vasitəsi ilə ictimai nəzarətin qurulması layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə çərçivəsində Bakı şəhərinin müvafiq rayon bələdiyyələri tərəfindən, mülkiyyətlərində olan torpaqlardan nə dərəcədə səmərəli istifadə etməkləri ictimai müzakirəyə çıxardılacaq. Layihənin müddəti 6 aydır və bu vaxt ərzində debat şəklində masanın keçirilməsi planlaşdırılır. Həmin debatlarda müzakirə oluna məsələlər "Obozrevatel" qəzetində "Bələdiyyə mülkiyyəti" adlı qəzet əlavəsi şəklində nəşr edilməklə yanaşı "Novosti Azərbaycan" Beynəlxalq İnformasiya agentliyinin www.newsazerbaijan.az saytında da yerləşdiriləcəkdir. Eyni zamanda layihə çərçivəsində maarifləndirməyə xidmət edən 2 sosial reklam çarxının çəkilməsi və müvafiq TV-də yayımlandırılması nəzərdə tutulur.
7 mart 2007-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Hüquqi və İqtisadi Maarifləndirmə Cəmiyyəti İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Bələdiyyə mülkiyyətindən istifadənin səmərəliliyi və KİV vasitəsi ilə ictimai nəzarətin qurulması layihəsi çərçivəsində "Bələdiyyə mülkiyyətindən səmərəli istifadə edilirmi?" mövzusunda ilk dəyirmi masa keçirmişdir.Tədbirdə Bakı şəhərinin Pirşağı, Qaradağ, Buzovna, Maştağa, Mərdəkan bələdiyyələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, beynəlxalq təşkilatların və KİV-in nümayəndələri iştirak etmişlər. Dəyirmi masada layihənin ekspertləri tərəfindən müzakirə olunacaq məsələlərə geniş açıqlama verildikdən sonra masa iştirakçıları mövzu ətrafında müzakirələr aparmışlar. Tədbirin sonunda layihə çərçivəsində maarifləndirməyə xidmət edən sosial reklam təqdimatı da keçirilmişdir. Xatırladaq ki, həmin tədbirdə müzakirə olunan məsələlər yaxın günlərdə "Strana" qəzetində "Bələdiyyə mülkiyyəti" adlı qəzet əlavəsi şəklində nəşr edilib. Eyni zamanda həmin əlavənin əsas hissələri "Novosti Azerbaycan" Beynəlxalq Informasiya agentliyinin www.newsazerbaijan.az saytında yerləşdirilib.Belə tədbirlərin keçirilməsində məqsəd Bakı şəhərinin müvafiq rayon bələdiyyələri tərəfindən mülkiyyətlərində olan torpaqlardan nə dərəcədə səmərəli istifadə etməkərini ictimai müzakirəyə çıxarmaqdır.
 |
 |
İCTİMAİ SƏHİYYƏ PROQRAMI
AİDS əleyhinə kompaniya
"Kompaniya keçirdiyimiz ərazilərdə AIDS-ə yoluxma riski yüksək idi. Həm də buna görə əhali maraqlanırdı ki, bu doğurdanmı belədir. Onlar öyrənmək istəyirdilər ki, belə bir kompaniyanın keçirilməsinə ehtiyac varmı? Burda riskin daha böyük olduğunu biləndə, təəccüblənsələr də, öyrənməyə çalışırdılar".
Yanvarın 25-də Qlobal Fond, Azərbaycan respublikası Səhiyyə Nazirliyi və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi regionlarda AİDS əleyhinə avto tur layihəsinin həyata keçirən Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin sədri Vüqar Əliyev belə deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi ictimai birlik AİDS-lə mübarizə sahəsində sağlam və təhlükəsiz davranışın təbliği məqsədilə region gənclərinin maarifləndirilməsi işinə qərar verdi. Maarifləndirmə işi Sumqayıt, Əli Bayramlı və Zakatala bölgəsində aparılıb. Vüqar Əliyev bildirdi ki, məhz bu regionların seçilməsinə səbəb orda gənclərin AİDS-ə yoluxma riskinin daha yüksək olması idi.
10 nəfər AİDS maarifləndirilməsi sahəsində təlimləndirilmiş könüllü gəncdə ibarət qrup regionlarda gənclərlə görüşərək onlara məlumat verməklə yanaşı, bukletlərə də təqdim ediblər. Könüllülər qrupu həmçinin məktəblərdə, tibb ocaqlarında, universitetlərdə, parklarda meydanlarda, insanların daha sıx toplaşdığı yerlərdə əhali ilə görüş keçiriblər.
Vüqar Əliyev belə bir məqamı da əlavə etdi ki, İİV-u daha çox cinsi yolla keçdiyindən İİV-ə yoluxmanın bu yolunu əhaliyə çatdırmada bir qədər ehtiyatlı olmaq lazım idi. Çünki kimsə bunu başa düşərək dinləyirdisə, kimsə də belə bir məlumatın verilməsinə etiraz edə bilərdi. "Mən könüllülərə tövsiyə edirdim ki, bu məqam çatdırılan zaman insanlarla ünsiyyət zamanı hisslərə qapılma elementindən uzaq olsunlar. Daha professional şəkildə bu məlumatı çatdırsınlar. Çünki bu mövzu çatdırılarkən qarşı tərəfdə bəzi neqativ hallar ola bilər. Bizim könüllülər də gənc idi. Eyni zamanda onlar kompaniya zamanı gənclərlə ünsiyyətdə olurdular. Ona görə də onlara daha diqqətli olmağı tövsiyyə edirdik. Məncə onlar da bunu öhdəsindən gəldilər".
Könüllülər qrupu region gənclərinin bu mövzu haqqında az məlumatlı olacağını fikirləşsələr də, onların bu mövzuya daha təfsilatlı suallar verməsi və cavabların tez qavranılması qrup üçün gözlənilməz olub.
"1 saatlıq söhbətdə onlar o qədər bu məsələni tez tuta bilirdilər ki, artıq bu mövzu ilə bağlı çox incə məqamlara toxunurdular. Biz gözləyirdik ki, ümumi suallar olacaq. AİDS nədir? Onun təhlükəsi nədir? Gündəlik istifadə olunan məişət əşyalarında risk varmı? Bu tip suallar olurdu. Bizim könüllülər tibb təhsilli olduğu üçün tibbi cəhətdən olan sualları da cavablandıra bildilər. Hətta bizim ağlımıza gəlməyən sualları verirdilər".
Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin sədri Vüqar həmçinin vurğuladı ki, 14-20 yaş arası gənclərdə öyrənməyə daha çox maraq var idi. Buna görə də qrup bir yerdə planlaşdırıldığından daha artıq qalmalı olurdu.
"Bizdə olan məlumata görə, bizim kompaniya keçirdiyimiz ərazilərdə AIDS-ə yoluxma riski yüksək idi. Həm də buna görə əhali maraqlanırdı ki, bu doğurdanmı belədir. Onlar öyrənmək istəyirdilər ki, belə bir kompaniyanın keçirilməsinə ehtiyac varmı? Biz də bildirirdik ki, burda risk daha böyükdür. Düzü onlar təəccüblənirdilər, amma yenə də öyrənməyə çalışırdılar".
 |
 |
AİDS üzrə məqalə müsabiqəsinin qalibləri
2007-ci il martın 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin akt zalında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Milli Elmlər Akademiyası Komitəsi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu Azərbaycan Respubliksaı Səhiyyə Nazirliyi Global Fondunun "Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi"
layihəsi çərcivəsində mətbuat nümayəndələri üçün "AİDS, narkomaniya və zərərin azaldılması" mövzusunda keçirdiyi məqalə müsabiqəsində təyin olunmuş mükafatların təqdimatı keçirilib.
Müsabiqənin qaliblərini
- I-ci yer - Mahir Nemətoğlu
Məqalələr:
- "25 ilin qonağı. Onun tezliklə getmək fikri yoxdur."Mərkəz qəzeti, 13 oktyabr 2006-cı il
- "Məhvə aparan tərəqqi." Mərkəz qəzeti, 17 oktyabr 2006-cı il
- "Qazanılmış milyardlar." Mərkəz qəzeti 27 oktyabr 2006-cı il.
- II-ci yer – Adil Bağırov
Məqalə: "Svoim prezreniem vı mojete ubitü nas ranüşe virusa." Zerkalo qəzeti, 5 avqust 2006-cı il.
- III-cü yer – Xalidə Babayeva
Məqalə: "Məndə sizlərdənəm." Ayna qəzeti, 9 sentyabr 2006-cı il
HİV/AİDS sahəsində təşkilatlanma
23-24 fevral 2007-ci il tarıxində "İrşad" mehmanxanasında ACI-YF-nun dəstəyi ilə "HİV/AIDS-lə yaşayan şəxslərin və onlara yardım göstərən QHT-lərin təşkilatlanması və ARV-müalicə zamanı müşahidənin təşkili" adlı təlimlər keçirildi. Tədbir Qlobal Fondun «Azərbaycanda HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil edilmişdir. ACI-YF layihədə qabaqlayıcı tədbirlərin əsas iştirakçılarından biridir.
Şərqi Avropa və Mərkəzi Asiya HİV/AİDS-lə yaşayan insanların Təşkilatlar Birliyinin eksperti Boqdan Zaika tədbirin təlimçisi idi. Təlimlərə HİV/AIDS-lə yaşayan şəxslərə yardım göstərən QHT-lərin – "AİDS-lə Mübarızə" İctimai Birliyi və Milli AİDS-lə Mübarizə Mərkəzinin 15 nümayəndəsi də qatılmışdı.
Təlimin birinci günü iştirakçılar HİV/AIDS sahəsində sosial iş prosesinin təşkil edilməsinə, sosial müşahidə proqramlarının sənədləşdirilməsinə, HİV/AİDS-lə yaşayan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə göstərilən palliativ xidmətin növlərinə, bu qulluğu göstərən sosial işçilərin vəzifə borcları və məsuliyyətinə, ARV-müalicə zamanı müşahidənin təşkilinə dair təlimatlandırıldılar.
Tədbirin ikinci günü "AİDS-lə Mübarizə" İctimai Birliyinin missiyası və fəaliyyətinə dair strateji istiqamətlər müəyyənləşdirildi, inkişaf planı hazırlandı və müvafiq qaydada protokollaşdırıldı.
Altı aydan sonra İnkişaf Planının icrası ACİ–YF-nun ekspertləri tərəfindən qiymətləndirilməsi və tövsiyyələrin verilməsi nəzərdə tutulub
 |
 |
Regionlarda HIV/AIDS-lə mübarizə
2 ay bundan öncə "Sağlam gələcək" devizi altında "HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" Proqramı çərçivəsində Zaqatala, Qax və Balakən rayonlarında layihə həyata keçirilmişdir. Bu layihə Hüquqi İnkişaf və Demokratiya İB və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən icra edilmişdir. Qeyd edək ki, layihənin icra edildiyi regionlar HİV/AİDS-in yayılması baxımından o qədər də narahatedici sayılmır, lakin bununla belə, əhali arasında maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır. Çünki, aparılan müşahidələr göstərir ki, yerli əhalinin fəal reproduktiv yaş qruplarının HİV/AİDS-lə bağlı məlumatları və virusdan qorunmanın yollarına dair informasiyası xeyli aşağı səviyyədədir, və insanlar demək olar ki, sağlam davranışlara dair vərdişlərə malik deyil. Digər tərəfdən, miqrantlar vasitəsilə də HİV virusunun ölkəyə gətirilməsi kimi faktorlar regionda təbliğat və maarifləndirmə işlərinin aparılmasını zəruri edirdi, çünki qeyd olunan regionlar həmçinin sərhəd rayonlardır. Qeyd edək ki, təbliğat kampaniyasına hər 3 regionda könüllər də cəlb olunmuşdur.
Bundan əlavə təşkilat nümayəndələri yerli televiziya kanallarında çıxış edərək, geniş əhali kütləsinin auditoriyasına ən yaxşı çıxış yolları vasitəsilə çıxmaqdan ibarət idi. Məhz bunun üçün layihənin icraçıları "Hər bir kəslə üzbəüz" və "Evbəev, mənzilbəmənzil" prinsipləri əsasında fəaliyyətini qurub və əhali arasında genişmiqyaslı təbliğat və maarifləndirmə kampaniyasının uğurla həyata keçirilməsinə nail olub.
Kampaniya dövründə müşahidə olunan digər bir problem isə HİV-lə yaşayan insanlara münasibətdə tolerantlığın olmamağıdır. Ümumiyyətlə, hazırda bu problem bütün cəmiyyətdə yaşanır və gələcəkdə QHT-lər buna xüsusi diqqət ayırmaq niyyətindədirlər.
 |
 |
Gənclər üçün narkomaniyaya həsr olunmuş ilk film
Artıq 2 ildən çoxdur ki, Qlobal Fond Azərbaycanda "HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsini həyata keçirir. Layihədə qabaqlayıcı tədbirlərin əsas icraçılarından biri olan Açıq Cəmiyyət Insitutu–Yardım Fondunun dəstəyi ilə müxtəlif QHT-lər bu layihəyə cəlb olunmuşdur. Bu təşkilatlardan biri, Gənc Film İstehsalçıları Assosiasiyası, yaxın günlərdə müasir cəmiyyətin ən ağrılı problemlərindən sayılan narkomaniya mövzusuna həsr edilmiş "Günəş şəhəri" adlı filmin çəkilişlərini başa çatdırıb. Uşaqların, yeniyetmələrin, narkotiklərə qurşanmış insanların həyatından bəhs edən 25 dəqiqəlik sənədli film "Dərviş" prodüser mərkəzi tərəfindən istehsal olunub.
"Günəş şəhəri" filmi gəncləri narkomaniya mövzusunda maarifləndirmək məqsədi ilə hazırlanıb. Buna görə də film gənclərin az qala doğma dilinə çevrilmiş hip-hop dilində çəkilib. Hip-hopun qollarından olan rep musiqisi və qraffiti rəsmləri filmin ab-havasını müəyyənləşdirir. Gənclərdən ibarət qrup narkomaniyanın qurbanı olan dostları haqqında rep janrında acılı məzmuna malik hekayət söyləyirlər. Filmin yaradıcıları inanırlar ki, yeniyetmələri bu yoldan çəkindirmək, sağlam həyat tərzi sürməyə sövq etmək üçün bu film böyük rol oynayacaq.
Filmdə gənclər arasında tanınmış reperlər Pərviz İshaqov və Orxan Ağalarov çəkiliblər. Musiqinin və sözlərin də müəllifləri onlardır. "Günəş şəhəri"nin çəkilişləri əsasən Sumqayıtda aparılıb. Filmin ssenari müəllifləri Əli İsa Cabbarov, Aynur Mustafayeva və Asif Rüstəmov, prodüserləri Əli İsa Cabbarov, Aynur Mustafayeva, rejissoru Asif Rüstəmov, operatoru isə Mirzə Ələkbərovdur.
Filmin geniş tamaşaçı auditoriyasına təqdimatından öncə onun müxtəlif yaş qrupları arasında nümayişi nəzərdə tutulmuşdur. Bu məqsədlə yanvarın 15-də Səbail rayonu 132 saylı orta məktəbdə, fevralın 1-də Xətai rayonu 245 saylı orta məktəbdə və fevralın 8-də 190 saylı orta məktəbdə yuxarı sinif şagirdləri arasında filmin nümayişi təşkil edilmişdir. Film yeniyetmələr tərəfindən maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdur. Nümayişdən sonra şagirdlər öz fikirləri və təəssüratları ilə bölüşdülər və narkomaniya əleyhinə təbliğat kompaniyasının daha geniş və ölkə miqyasında aparılmasını arzu etdilər. Filmi digər məktəblərdə göstərmək və televiziya ilə nümayiş etdirmək nəzərdə tutulur
 |
 |
 |