|
İnformasiya Proqramının Müştərək Layihələri
AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ İKT SAHƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ DƏYİRMİ MASADA İŞTİRAK ETDİ.
Azərbaycan nümayəndə heyəti Vilnyus (Litva) şəhərində "İnformasiya kommunikasiya texnologiyaları sahəsində milli və regional ticarət nişanlarının formalaşdırılması" mövzusunda keçirilən beynəlxalq dəyirmi masada iştirak etdi. Beynəlxalq təşkilatların, habelə, Şərqi Avropanın, MDB dövlətlərinin, Monqolustanın və Çinin nümayəndə heyətinin iştirakı ilə keçirilən dəyirmi masa Beynəlxalq Ticarət Mərkəzi (İTC) tərəfindən təşkil olunmuşdu.
Azərbaycan nümayəndə heyətinə AR höküməti və BMT-nin İnkişaf Proqramının "Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsində Milli strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" birgə layihəsinin milli koordinatoru, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə rəhbərlik edirdi.
M.Abbaszadə tədbirdə TransXəzər kibernetik bazarın perspektivlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Çıxış zamanı M.Abbaszadə masa iştirakçılarını Azərbaycanın İKT sahəsinin vəziyyəti ilə tanış etdi. O qeyd etdi ki, bir çox müsbət nailiyyətlərə baxmayaraq, Azərbaycanda İKT-nin inkişafını ölkə ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunması və bir milyon qaçqın və məcburi köçkünün olması xeyli dərəcədə ləngidir.
M.Abbaszadənin sözlərinə görə, ölkə üçün İKT-nin əhəmiyyətini başa düşən Azərbaycan höküməti və BMT-nin İnkişaf Proqramı hal-hazırda "Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsində Milli strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" layihəsinin həyata keçirirlər. Həmçinin, M.Abbaszadə beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən İKT sahəsində həyata keçirilən bütün qlobal və lokal layihələrdə iştirakda Azərbaycanın böyük marağının olduğunu xüsusilə qeyd etdi.
Dəyirmi masa çərçivəsində M.Abbaszadənin və beynəlxalq qurumların, xarici dövlətlərin rəsmi nümayəndələri ilə görüşləri zamanı gələcək əməkdaşlıq üçün razılıqlar əldə edilmişdir.
Tədbirdə əsasən İKT sahəsində milli və regional ticarət nişanlarının formalaşdırılması, İKT məhsullarının dünya bazarlarına çıxışının təmin olunması ilə bağlı məsələlər müzakirə olunmuşdur. Forum iştirakçıları Qərbi Avropanın və ABŞ-ın bu sahədə təcrübəsi ətrafında fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, Dəyirmi masa Beynəlxalq Ticarət Mərkəzi (ITC), - Azərbaycan, Litva və Latviyanın İKT sahəsində Ölkə üzrə icmalların hazırlanması layihəsi çərçivəsində keçirilirdi. Ölkə üzrə icmal İKT sahəsinin ümumi vəziyyəti, əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, sahənin inkişafının prioritet istiqamətləri üzrə təklifləri və s. məlumatları özündə cəmləşdirir.
|