|
İnformasiya Proqramının Müştərək Layihələri
BAKININ "GÜLÜSTAN" SARAYINDA "DÖVLƏT İDARƏÇİLİYİNDƏ İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ.
Dekabrın 18-də Bakının "Gülüstan" sarayında "Dövlət idarəçiliyində informasiya və kommunikasiya texnologiyaları" mövzusunda seminar keçirildi. Seminar Azərbaycan Respublikasının Milli Məclisi, BMT-nin İnkişaf Proqramı və "Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində Milli strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" layihəsi tərəfindən təşkil olunmuşdu.
Seminarda çıxış edən Milli Məclisin sədrinin I müavini Arif Rəhimzadənin sözlərinə görə, bu seminarın keçirilməsində məqsəd müasir İKT haqqında məlumat almaq, dövlət idarəçiliyində tətbiq olunmuş layihələrlə yaxından tanış olmaqdır. O qeyd etdi ki, son illər Azərbaycanda İKT-nin inkişafına xüsusi yer verilir. Bu sahədə xüsusi təkanı isə İnformasiya Kommunikasiya Texnologiyalarının Milli Strategiyası layihəsi vermişdir.
A.Rəhimzadə dedi ki, Milli Məclis artıq İKT sahəsində indiyədək bir neçə qanun qəbul etmişdir. Hal-hazırda isə "Elektron imza haqqında" qanun layihəsi MM-in müzakirəsindədir. O, İKT sahəsində sabit inkişafı təmin etmək üçün qanunvericilik bazasının formalaşmasında və təkmilləşməsində Milli Məclisin aktiv iştirakını əminliklə qeyd etdi.
BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident Əlaqələndiriçisinin müavini Devid Eyzenberq informasiya kommunikasiya texnologiyalarının nailiyyətlərinin dövlət quruluşunun inkişafı üçün çox böyük imkanlar açdığını dedi.
Azərbaycan Höküməti və BMT-nin İnkişaf Proqramının "Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində Milli strategiyasının hazırlanması və ilkin mərhələdə tətbiq edilməsi" birgə layihəsinin milli koordinatoru, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri xanım Məleykə Abbaszadə seminarda "İnformasiya və Kommunikasiya Texnologiyalarının Milli Strategiyası" mövzusunda geniş məruzə ilə çıxış etdi.
Çıxış zamanı M.Abbaszadə dünyada informasiya texnologiyalarının inkişafı tarixindən, bu sahənin müasir cəmiyyətdə oynadığı rol haqqında geniş məlumat verdi. O qeyd etdi ki, müasir dünyada artıq qlobal informasiya cəmiyyətinin formalaşması ətrafında geniş fikir mübadiləsi gedir. 2003-cü ildə BMT-nin xətti ilə Cenevrədə informasiya cəmiyyətinin formalaşmasına həsr olunmuş sammit keçiriləcəkdir. Azərbaycan da bu sammitə ciddi hazırlaşmaqdadır. Belə ki, Azərbaycanın nümayəndə heyəti bu ilin noyabrında Buxarestdə keçirilmiş regional konfransda geniş təmsil olunmuş, müzakirələrdə yaxından iştirak etmişdir. Həmçinin, sammitə hazırlıq çərçivəsində Azərbaycan artıq öz təkliflərini təşkilat komitəsinə təqdim etmişdir.
M.Abbaszadənin sözlərinə görə, son illər Azərbaycanda İKT geniş inşikaf etməkdədir. Bunun bariz nümunəsi BMT-nin İKT-yə həsr olunmuş illik hesabatında ilk dəfə Azərbaycan haqqında da məlumatın dərc edilməsidir.
Seminarda çıxış zamanı M.Abbaszadə qeyd etdi ki, İKT-nin inkişafının effektivliyini təmin etmək üçün ilk növbədə kadr potensialının artırılmasına fikir verilməlidir. Kadr potensialından geniş istifadə Azərbaycanda "rəqəmli bölünmə"nin aradan götürülməsinə birbaşa kömək edə bilər.
Ümumiyyətlə, İKT sahəsində Azərbaycan və digər inkişaf etmiş ölkələr arasında fərqi aradan qaldırmaq üçün informasiya texnologiyalarının son nailiyyətlərindən geniş istifadə edilməlidir. Məhz belə bir siyasət Azərbaycana yaxın bir zamanda inkişaf etmiş ölkələr səviyysində öz İKT sahəsini qurmağa imkan verə bilər. M.Abbaszadə təəssüflə qeyd etdi ki, donor təşkilatların dəvətilə Azərbaycana gələn xarici ekspertlər dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində müasir olmayan İT-proqramlarından istifadə etməyi təklif edir. Onlar təkliflərini həmin İT-proqramlardan istifadə edən ölkələrin müsbət nəticələri ilə əsaslandırırlar.
M.Abbaszadənin sözlərinə görə, belə münasibət qəbuledilməzdir. Çünki, əgər Azərbaycan "dünənki" nailiyyətlərdən istifadə edərsə, artıq bu gün bir çox ölkələrdən geridə qalmış olar. Xarici ölkələrdə ayaqlaşmaq üçün isə ancaq İKT-nin son nailiyyətlərindən istifadə etmək lazımdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri çıxışında İKT üzrə Azərbaycanın Milli Strategiyası layihəsi haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Milli Strategiya Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafını təmin etmək üçün İKT-nin bütün müasir nailiyyətlərindən istifadə olunmasına yönəldilmiş bir sənəddir. Sənədin hazırlaması zamanı beynəlxalq təcrübədən geniş istifadə edilmiş, yerli və xarici ekspertlərin ümumi müzakirələri təşkil olunmuşdur. Sənəd haqqında ölkənin regionlarında fəaliyyət göstərən yerli mütəxəssislərə də ətraflı məlumat verilmişdir.
M.Abbaszadə qeyd etdi ki, İnformasiya və Kommunikasiya Texnologiyalarının Milli Strategiyasının layihə variantı artıq dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim olunmuşdur.
Seminarda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri Elmir Vəlizadə də məruzə ilə çıxış etdi. O çıxışında İKT-nin dövlət idarəçiliyində tətbiqindən, ölkənin dövlət qurumlarının həyata keçirdiyi layihələrdən danışdı. E.Vəlizadənin sözlərinə görə, Daxili İşlər Nazirliyi, Rabitə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Vergilər Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digərləri İKT sahəsində bir neçə dövlət əhəmiyyətli layihələr həyata keçirmişlər.
Seminarda çıxış edən Bakı Elm Tədris Mərkəzinin (BETM) rəhbəri Tofiq Babayev İKT sahəsində sertifikatlaşdırılmış kadr hazırlığı problemindən danışdı. T.Babayev seminar iştirakçılarına BETM-in bazasında yaradılmış Regional informasiya texnologiyaları şəbəkə Akademiyası haqqında məlumat verdi. O qeyd etdi ki, BETM, həmçinin, Cisco və Microsoft üzrə sertifikatlaşdırılmış mütəxəssis hazırlayır. Hal-hazırda isə BETM-də Microsoft Office proqram təminatları üzrə sertifikatlaşdırılmış mütəxəssis hazırlamaq üçün IQ mərkəzi fəaliyyətə başlayır. BETM-in şöbə müdiri Xalidə Məlikova isə seminar iştirakçılarına BETM tərəfindən hazırlanmış Multimedia tədris kurslarını təqdim etdi.
Rabitə Nazirliyinin nümayəndəsi Əflatun Məmmədov seminarda telekommunikasiya sahəsində görülmüş işlər haqqında məlumat verdi. O, öz çıxışında ölkədə telekommunikasiya infrastrukturunun vəziyyəti, internetə azad çıxışı təmin etmək üçün görülən işlərə, yeni rabitə xidmətlərinə toxundu. Ə.Məmmədov qeyd etdi ki, hal-hazırda Azərbaycanın bütün yaşayış məntəqələri telefonlaşmışdır.
Tədbirdə, həmçinin, Milli Məclisin veb-səhifəsinin təqdimetmə mərasimi keçirildi. Bu internet-resursunda Milli Məclisin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumatlar, qəbul etdiyi normativ-hüquqi sənədlərin elektron variantları yerləşdirilmişdir. Seminarda Milli Məclisin yaradılmış qanunverici verilənlər bazası haqqında da ətraflı danışıldı.
Tədbirdə Milli Məclisin informasiya təminatı şöbəsinin müdiri Ş.Həsənov ("Qanunvericilik sistemində İKT-nin rolu"), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin Baş məsləhətçisi V.Xələfov ("Elektron Hökumət"), TQDK-nin idarə rəisi Ş.Xəlilov ("İnternet şəbəkəsinin cəmiyyətin həyatında olan rolu"), Milli Təhlükəsizlik Nazirliyinin bölmə müdiri E.Əliyev ("İKT-də təhlükəsizlik problemləri") və başqaları çıxış etdilər.
|