İnformasiya Proqramının Müştərək Layihələri
CENEVRƏDƏ "İNFORMASİYA CƏMİYYƏTİNİN İNKİŞAFINDAKI MANEƏLƏRİN ARADAN QALDIRILMASI: İŞGÜZAR HƏLL" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİR
24-25 fevralda Cenevrədə "İnformasiya cəmiyyətinin inkişafındakı maneələrin aradan qaldırılması: işgüzar həll" mövzusunda beynəlxalq Dəyirmi Masa keçirilir. Dəyirmi Masanın təşkilatçıları BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin İnkişaf Proqramı (UNDP), Beynəlxalq Telekommunikasiya Birliyidir (ITU).
Azərbaycanı tədbirdə "İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın hazırlanması və ilkin mərhələdə həyata keçirilməsi" layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramının informasiya texnologiyaları proqramları üzrə koordinatoru Sultan Hacıyev, İKT üzrə milli ekspert Faiq Atamov, habelə, Azərbaycanın İT-biznesinin nümayəndələri- "AzEl" şirkətinin prezidenti İqor Yakovenko, "Sinam-İnvest" şirkətinin prezidenti Elçin Əliyev, R.I.S.K. şirkətinin baş meneceri Cabir Cümşüdov təmsil edirlər.
Dəyirmi masada milli ekspert Faiq Atamov (Azərbaycanın İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyası) və Azərbaycanı təmsil edən biznesmenlər məruzə ilə çıxış edəcəklər.
Tədbirin əsas məqsədi keçid iqtisadiyyatı ölkələrində informasiya cəmiyyətinin inkişafında mövcud olan maneələrin aradan qaldırılmasının mümkün yollarının müəyyən edilməsi üçün özəl sektorun nümayəndələri ilə dövlət məmuru arasında konstruktiv dialoqun başlanmasının təmin edilməsi, həmçinin, bu sahədə dövlət və özəl sektorları arasında olan təcrübələrin müzakirə edilməsidir.
Tədbirdə Rusiyan, Serbiya və Çernoqoriya, Belorusiya, Bolqarstan, Gürcüstan, Qırğızstan, Latviya, Slovakiya və Ermənistan kimi ölkələr üzrə qiymətləndirmə məruzələri və Avropa üçün İqtisadi Komissiyası tərəfindən hazırlanmış Regional Müqayisə Məruzəsi də nümayiş etdiriləcəkdir.