Prezidentin dünən keçirdiyi maraqlı görüşlərdən biri də "Soros" Fondunun prezidenti Corc Sorosla görüş olub. C.Soros son illər Azərbaycanda gedən proseslər, Azərbaycanın gələcək inkişaf perspektivləri haqqında danışıb və bu proseslərdən razı qaldığını bildirib. Eyni zamanda C.Soros bu baxımdan İ.Əliyevin fikirlərini öyrənmək, nəzərdə tutulan proqramlar barədə məlumat almaq istədiyini deyib. İ.Əliyev Azərbaycanda gedən proseslərin gələcəkdə hansı istiqamətlərdə davam etdiriləcəyi barədə danışıb. Görüş zamanı Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və xüsusilə Avropada, Avrasiyada enerji təhlükəsizliyi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin bir sıra regional məsələlər barədə də müzakirələr olub.
C.Soros Azərbaycanda həyata keçirilən bir sıra təşəbbüslərin razılıqla qarşılandığını bildirərək, Neft Fondu ilə bağlı şəffaflığın təmin olunması təşəbbüsünü xüsusi vurğulayıb və qeyd edib ki, bu, dünyanın bir çox dövlətləri üçün nümunədir. İ.Əliyevsə Azərbaycanda təhsil sahəsində, yoxsulluğun aradan qaldırılması ilə bağlı görülən tədbirlərdən də bəhs edib. Bu istiqamətdə işlərin davam etdirilməsini yüksək qiymətləndirən C.Soros Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.